Fidan Şərifova

Fidan Sharifova

Böyüdüyüm mühitdə qadının dəyəri daha çox ailə qurması, yoldaşına boyun əyməsi ilə ölçülürdü. Mən isə bu düşüncələrlə mübarizə apararkən anladım ki, qadının əsl zənginliyi onun azadlığı, biliyi və özünə verdiyi dəyərdir. Bu səbəbdən sevdiyim sahə üzrə kiçik addımlarla fəaliyyətə başladım. Rəssamlıqla məşğul olduqdan sonra uşaqlıq xəyalım olan modanı və rəssamlığı birləşdirəcəyim bir yol seçdim.

Kiçik yaşlarımdan hisslərimi kağıza tökmək mənim ən sevimli oyunum idi. Hər zaman xəyal edirdim ki, böyüyəndə mənim moda evim olacaq və insanlara geyimlər, aksesuarlar hazırlayacağam. O vaxt oyuncaqlarıma paltarlar tikir, aksesuarlar düzəldir, toxumağa çalışırdım. Ətrafımdan, hər kəsdən nəsə öyrənməyə çalışırdım. Həyat hekayəm xəyal etdiyim kimi tam davam etməsə də, bir çox gözəl hissəsinə nail ola bildim. Rəssamlıq, toxuculuq, keramika və dərzilik sahələrində özümü inkişaf etdirdim. Təxminən 8 ilə yaxın bu sahələrdə ustad dərsləri keçdim, eyni zamanda geyim və aksesuarların hazırlanması və satışını həyata keçirdim. İnsanlara özəl hiss etdirəcək, həyatlarına rəng qatacaq əsərlər yaratmaq mənim üçün böyük sevincdir. Çünki əsərlərimdən zövq alan insanların sevinc dolu baxışları uşaqlıqda qurduğum xəyalın işıltısıdır.

Qadın olaraq dəstəksiz şəkildə öyrənməyə çalışmaq ən böyük çətinliklərimdən biri olub. Bəzən də bir qadının digər qadının uğuruna mane olması ayrıca ağrılı olurdu. Mən 7-8 yaşımda ikən əlimdən gəldiyi qədər xüsusi əl qabiliyyətləri olan xanımlardan öyrənməyə çalışırdım. Ancaq çox vaxt “sən dərs oxumalısan”, “bu sənət qadın üçün deyil”, “toxumağı öyrən, gələcəkdə ərinə şirinlik edərsən” kimi sözlərlə qarşılaşırdım. Mən isə bütün bunlara baxmayaraq, məqsədimdən dönmədim. Araşdırdım, axtardım, bilmədiyim yerdə səhv etdim, yenidən başladım, amma heç vaxt yorulmadım. Ətrafımda sanki özüm üçün bir qala tikdim, yaratdıqlarımı orada qorudum. Artıq başqalarının alqışına ehtiyac duymurdum, özüm sənətimə dəyər verdim. Bu gün isə sənətlə dolu bir yuvam var. Yoldaşımla və övladımla birlikdə yaradıcılıq dolu bir həyat yaşayıram.

Yuxarıya qayıt