Nərmin Bəhmənova
Uşaqlıqdan içimdə bir axtarış hissi vardı. Çox inadkar və tərs bir uşaq idim və bu, həyat yoluma da təsir etdi. Məni rəssamlıqda da, çay sənətində də cəlb edən əsas məqam ənənə ilə şəxsi ifadənin birləşməsidir. Ailəmin və dostlarımın dəstəyi sayəsində çayla bağlı hekayəm başladı. Onların istəyi, bəyənməsi və heyranlığı mənə göstərdi ki, insan istədiyi zaman hər sahədə iz qoya bilər. Mən bu yola çıxanda yalnız bir peşə seçmirdim, ruhumun səsini izləyirdim.
Ən çox içində hekayə daşıyan şeylər yaratmağı sevirəm – istər bir rəsmdə, istərsə də bir fincan çayda. Mənim üçün hər bir rəngin, hər bir çay ətirinin öz mənası var. İnsanlara duyğu yaşadan, onları düşündürən və ya sakitləşdirən əsərlər yaratmaq mənim üçün ən böyük xoşbəxtlikdir. Yaradıcılıq mənim üçün daxili dünyamı başqalarına açmaq kimidir – sanki içimdəki duyğuları sözə çevirirəm.
Qadın olaraq yaradıcı sahədə öz yerini tapmaq bəzən səssiz və görünməz maneələrlə doludur. Mən də bu çətinlikləri yaşadım: bəzən ciddiyə alınmamaq, "bu qadın işi deyil" münasibəti ilə qarşılaşmaq və ya özümü sübut etmək məcburiyyətində qalmaq. Amma heç vaxt yolumdan dönmədim. Öz işimə inandım, dayanmadan öyrəndim və yalnız işimlə cavab verdim. Hər bir uğur mənə göstərdi ki, əgər içindəki səsi dinləyirsənsə, heç nə səni dayandıra bilməz.