Rəfiqə Seyidova

Bu işin başlanğıcı tamamilə təsadüf nəticəsində oldu. Mən heç vaxt kiçik biznes qurmaq barədə düşünməmişdim, ta ki bir gün internetdə mənə ilham verən bir videoya rast gələnə qədər. Videoda bir xanım ilin sonunda yaşadıqlarını, təcrübələrini və xatirələrini jurnal şəklində dizayn edir və çap etdirirdi. Mən isə həyatımı sənədləşdirməyi və illər sonra yenidən nəzər yetirməyi çox sevirdim. Bu ideyanı gördüyüm anda bildim ki, etməliyəm. İlk jurnalı özüm üçün xatirə olaraq dizayn etdim.
Sonra bunun maraqlı bir iş olacağını və yaddaqalan bir hədiyyə olacağını düşündüm və kiçik biznesimi yaratdım. Əvvəl sadəcə jurnal dizaynı xidməti mövcud idi. Daha sonra isə “Özünə Sevgi Dəftəri” adlı, 70+ sual, tapşırıq və motivasiya səhifələrindən ibarət mental sağlamlıq iş dəftərini hazırladım. Qeyd etmək lazımdır ki, bu konseptdə öz dilimizdə dərc olunmuş ilk nümunədir.
Mən vizual sənətlərin demək olar ki, hər növünə böyük maraq və sevgi bəsləyirəm. Uşaqlıqda fotoqraf olmaq, universitet illərində isə film və rəsm mənim ən böyük sevgim oldu. Bu sahələrə olan marağımın səbəbi, kompozisiya və rənglərlə insanlarda dərin hisslər oyandırmaq bacarığıdır. Mən auditoriyada emosiya oyandıra biləcək hər şey yaratmağı sevirəm - foto, qısa videorolik və ya poster. Mənim üçün ən sevdiyim hiss prosesin özü, rənglərlə oynamaq, yeni nələrsə yoxlamaq, kompozisiya qurmaqdır.
Qadın sahibkarların kişilərə nisbətən daha çox çətinliklərlə üzləşməsi həqiqətdir. Lakin mənim qarşılaşdığım çətinliklər əsasən işin təbiətindən gəlirdi. İş prosesində və müştərilərdən heç bir gender əsaslı neqativ reaksiya almadım. Ümid edirəm ki, digər qadın sahibkarlar da eyni dəstək və imkanlarla uğur qazanacaqlar.