Şəhla Vəlizadə

Gözəlliyə və özünə qulluq etməyə marağım uşaqlıqdan gəlir. Amma, hər şey İstanbulda təsadüfən girdiyim kiçik bir təbii sabun mağazasında başladı. O mağazadakı əllə hazırlanmış sabunların qoxusu, rəngləri və sanki hər birinin öz ruhu varmış kimi hiss etdirilməsi içimdəki arzunu oyatdı. O an başa düşdüm ki, mən də təbiətin gücünü və gözəlliyini insanlara təqdim edən bir iş qurmalıyam. Bu, xəyallarımın ilk addımı oldu.
Mən ən çox insanın ruhuna toxunan məhsullar yaratmağı sevirəm. Məsələn, yorğun bir günün ardından rahatladan lavanda şamı və ya səhərə enerjili başlamaq üçün sitrus skrabı… Mənim üçün bu, sadəcə məhsul istehsalı deyil. Hər bir qarışımda sevgi, diqqət və hekayə var. Hər yeni resept sanki daxili sevgimin təbiətlə vəhdəti kimidir.
Bəzən mənə dedilər ki, “Bu iş sənlik deyil” və ya “Çox çətindir, uğur qazanmaq asan olmayacaq.” Amma, inandım ki, insan inancla çalışanda hər şey mümkündür. Əvvəl maliyyə çətinlikləri, sonra zaman problemi, daha sonra isə sosial maneələr…Amma, hər dəfə müştərilərimdən aldığım xoş sözlər mənə göstərirdi ki, gördüyüm iş dəyərlidir. Hər çətinlik mənim üçün daha da möhkəmlənmək üçün bir fürsət oldu.